Almaz ilə kömürün fərqi
Ölkə
10 Avqust 2017 19:44

Almaz ilə kömürün fərqi


Əraf surəsi 179-cu ayəsindən öncəki ayələrlə birlikdə tərcüməsinə nəzər salaq:

"172. Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" - deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: "Biz bundan qafil idik"; 173. Və ya: "Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bizi də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?" - deməməniz üçündür. 174. Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr! 175. Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə. O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu. 176. Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər! 177. Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir! 178. Allahın doğru yola yönəltdiyi kimsə doğru yoldadır. Onun (haqq yolundan) sapdırdığı kimsələr isə ziyana uğrayanlardır. 179. Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" ("Əraf" surəsi 7/172-179.)

Milli.Az meneviyyat.az-a istinadən bildirir ki, ilk öncə bunu qeyd etmək lazımdır ki, Quranı-Kərimi doğru anlamaq üçün ayələr arası əlaqəyə diqqət etmək lazımdır. Çünki hər hansı bir ayənin əvvəlindəki (siyaq) və sonrasındakı (sibaq) ayələri oxumadan, üstəlik hansı səbəbdən nazil olduğunu bilmədən başa düşmək çətindir.

"Əraf" surəsinin 179-cu ayəsinə də əvvəlki ayələrlə birlikdə baxdıqda görürük ki, Allah-Təala insanlardan "Ələst" bəzmində "Qalu-bəla"da, yəni ruhlar aləmində söz almış və bütün ruhlar Onun varlığını qəbul etmişdir. Deməli, insanın fitrətində iman hissi var. Ancaq ataları təqlid, adət-ənənəyə bağlılıq, qurur, lovğalıq, özünü bəyənmək, maddi imkanları itirmək qorxusu və s. ünsürlər insanın mahiyyətinəki iman həqiqətinin inkişafına mane olur. Nəticədə insan inanmaqdan məhrum qalır.

Bəzi insanlar bu cür ayələri oxuyub Allah-Təalanın rəhmətini şübhə ilə yanaşırlar. Əslində yuxarıdakı ayələrə nəzər salmadan sadəcə "Əraf" surəsindəki 179-cu ayəsinə baxsaq "zalim, cəhənnəmdə insanlara zülm edən" bir tanrı motivi ilə qarşılaşarıq.

Əslində bu belə deyil. Bu ayəyə bir də qədəri nəzərə alaraq baxmalıyıq. Bəzi insanlar qədər və cüzi-iradəni düz anlamadığı üçün bu cür səhvlər edir.

Məlumdur ki, insan Allah-Təalanın mahiyyətin bilməkdə və dərk etməkdə acizdir. Allahın necə bir varlıq olduğu bizə məlum deyil. Onun bilməsini, iradəsini, hadisələrə təsirini, varlığı yaratmaqdakı hikmətini və s. dərk etdiyimiz qədər izah edə bilirik. Biz kainatda var olan hər bir şeyi ziddi ilə bilirik. Məşhur qayda var: "Əşya ziddi ilə qaimdir". Yəni qaranlıq olmasa gündüzün, soyuq olmasa istini nə olduğunu bilmərik. Soyuğu istinin ziddi kimi tərif edirik. Bəzi insanlar üşümür, bəzilərinə soyuq olur. Onlar üçün isti məfhumu etibaridir. Termometrdə sıfır nöqtəsi də etibaridir. Əslində sıfır nöqtəsi suyun donmağa başladığı nöqtədir. Allahın bənzəri, ziddi yoxdur.

Allah Təala hər şeyi bilir. O, zaman  və məkandan münəzəhhdir. Başlanğıcı və sonu yoxdur. Əzəli və əbədidir. Məkan və zaman sonradan yaradılıb və bunlar, Onun xaricindəki, şoradan yaradılan varlıqlar üçündür. Allah Təala keçmişi, indini, gələcəyi bilir. Bilməsəydi Allah olmazdı. Ancaq onu necə bildiyini biz bilmirik. Biz öz ağlımızla qavramağa çalışırıq.

Qədər Allah bildiyi üçün deyil, biz elə hərəkət edəcəyimiz üçün o şəkildə formalaşır. Biz qədər məsələsinə öz aspektimizdən baxmalıyıq. Allahın elmini təhlil etmək doğru deyil. İnsan mahiyyətin qavrayıb dərk edə bilməsə də, vicdanı qədərin varlığını qəbul edir. Çünki biz həm aciz, həm zəif, həm də ehtiyacları çox olan varlığıq. Bütün ehtiyaclarımız görə bilmədiyimiz bir güc və qüvvət tərəfindən bizə daim göndərilir.

İkinci olaraq, Allah-Təlalanın iradəsi var. İnsan belə öz iradəsinin məhdudulaşdırılmasını istəmir, fürsət tapdıqca buna üsyan edir. Allah-Təala öz mütləq iradəsi ilə istəyir. Yəni Allah-Təala bizi soruşaraq yaratmamışdır. Elə təqdir buyurmuş və yaratamışdır. Buna etiraz edə bilmərik. Çünki yaradılmadan öncə biz yox idik, bizə soruşulsun.

Bu gün dünyada yayğınlaşan deist düşüncə[2] mütləq azad insan iradəsini ortaya atır. Onlara görə, insanı Allah yaradıb. Bunu qəbul edirlər. Yaradılış çox mürəkkəb məsələdir və yaratma hadisəsini başqa cür açıqlaya bilmirlər. Ancaq  onlar deyirlər ki, "Allah-Təala mənə sərhəd qoya bilməz, mən azadam. Din insanlara qadağan qoya bilməz, insan öz ağlı ilə, duyğuları ilə sərbəst bir şəkildə istədiyini edə bilər. Allah məni yaradıb. Ancaq mənə müdaxilə edə bilməz". Belə bir şey yoxdur. Din deyir ki, sən azad deyilsən. Sənin yaradılış məqsədin var. Qəbul etsən də, etməsən də bu belədir.

Əgər dünyada cəhənnəmə gedəcək insanlar olmasaydı, onda dünyaya göndərilməyin və imtahanın da mahiyyəti olmazdı. Allah insanı fərqli yaradıb. Bu Allahın öz iradəsi, məşiəti ilə seçimidir. Etiraz etmək haqqımız yoxdur. Çünki dünyaya gəlişimizi biz proqramlaşdırmırıq. İstədiyimiz tarixdə, istədiyimiz məkanda, istədiyimiz ailədə və s. doğulacağımızı özümüz seçmirik. Demək ki, işləyən bir proqram var və biz də həmin proqramın bir parçasıyıq. Burada olduğumuz zaman nə edəcəyimizi də bizi buraya "Göndərən Güc" müəyyən rəhbərlər, təlimatlar (peyğəmbərlər və kitablar) ilə bildirmişdir.

Allah insanlardan əvvəl mələkləri yaratmışdı. Daha sonra insanı yaratmış və onu yer üzərində xəlifə təyin etmişdir. Allah insanı yaradarkən mələklər insanın yaradılma məqsədi bilmədikləri üçün sual verirlər: "Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam", - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- söylədilər. (Allah onlara:) "Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu." (Bəqərə 2/30)

Əgər yer üzündə hamı iman etmiş olsaydı mələklərdən bir fərqimiz olardımı? Deməli insanın yaradılmasının başqa hikmətləri var. İçimizdə iman edən də olacaq, kafir də. Kömür və almazın özəyi, maddəsi karbon olsa da qiymətləri fərqlidir. Kömür mədəni çoxdur, ancaq xalis almaz az tapılır. Heç kim almaz az tapıldığı üçün etiraz etmir. Tonlarla kömürdən bir karat almaza müqabil gəlir. Ona görə də Allah Təala iman edənlə inkar edənin bir birindən ayrılması üçün bu dünyada çox sayda insan yaradır. Ziddiyyət olmasaydı iman və küfr, bir möminlə digəri arasında dərəcə fərqi olmayacaqdı. Əbu Bəkir (r.a) ilə Əbu Cəhil, Rəsulullahın (s.ə.s) davasına ilkin dəstək olanla, Məkkənin fəthindən sonra müsəlman olanlar arasında fərqi görə bilməzdik. Əbu Bəkir olmağa can atmaz, Əbu Cəhil olmaqdan qorxmazdıq. Nəticədə Əbu Bəkirə ən üstün mükafatı verməklə yanaşı, düşmənçilikdə bənzəri olmayan ümmətin fironu Əbu Cəhil də ən ağır cəzanı haqq etməlidir. Çünki Allah Təalanın mütləq ədaləti bunu gərəkdirir.

Şeytan nəyə müvəffəq oldu

(Allah) buyurdu: "Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məlunsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!) Sən qiyamət gününə qədər lənətlənmişsən!" (İblis) dedi: "Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!" (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən" Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!  (İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!" (Allah) buyurdu: "Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!) Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz! Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş (onları gözləyən) yerdir! (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər. Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar. Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!" Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər. Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar). (Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm! Eyni zamanda da əzabım da çox şiddətli əzabdır! (Hicr surəsi 15, 34-50)

Dövlət də həbsxana tikir. Həbsxana tikilərkən buranı nə qədər insanla dolduracağını nəzərdə tutmur. Sadəcə günahkarlar cəzasını çəkmək üçün həbsxanaya göndərilir.

Allah insanı şüurlu yaradıb. Ona ağıl, seçim iradəsi verib, yaxşını da pisi də yol göstərən rəhbərlər vasitəsi ilə insana hər daim xatırladıb. Buna görə də niyə insanlar cəhənnəmə gedəcək deyə etiraz edə bilmərik. İnsanın mahiyyətini dərk etmədiyi, hikmətini bilmədiyi çox şey var. Bəzi şeyləri öyrənməyə bəlkə də ömrü vəfa etməyəcək. Unutmayaq ki, bizim əsl yaradılış qayəmiz Allahı tanımaq və ona qul olmaqdır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR