Səudiyyənin İranla neft qiyməti davası Venesuelanın başında çatlayıb
İqtisadiyyat
10 Avqust 2017 20:24

Səudiyyənin İranla neft qiyməti davası Venesuelanın başında çatlayıb


"The Independent" qəzeti Keele Universitetinin beynəlxalq münasibətlər professoru Bülent Gökayın məqaləsini dərc edib.

Məqalədə deyilir ki, Venesuela siyasi və iqtisadi fəlakətin dibinə yuvarlanır. İnflyasiya 700 faizə çatıb, ÜDM isə 2013-cü ildə olduğunun üçdə birindən də azdır. Dünyanın təsdiqlənmiş ən böyük neft yataqlarına malik ölkə, indi dünyanın ən böyük borclusudur.

Professor yazır ki, Venesuelanın hazırda içində olduğu böhranın bir çox səbəbləri var, lakin bunların içində ən əsas faktor neft qiymətlərinin düşməsidir. Bununla belə, Venesuelanın keçirdiyi böhranın əsas səbəbi onun ərazisindən minlərlə kilometr aralıda yer alır.

Milli.Az BBC-yə istinadən bildirir ki, Venesuelada baş verənlər Səudiyyə Ərəbistanının siyasi səbəblərlə və bilərəkdən neft qiymətlərini aşağı həddə saxlaması ilə əlaqəlidir.

Məqalədə deyilir ki, bütün başqa xammal və materiallar kimi xam neftin qiymətini də tələb və təklif arasındakı balans müəyyən edir. Bazardakı neftin həcmləri ifrat olanda və ya tələbat yüksək olmayanda qiymət düşür.

2008-2009 və 2014-cü illərdə təklif və tələb kifayət qədər balanslı olub. O vaxt bazara gündə 80 milyon barrel neft çıxarılırdı. Lakin bunun ardınca hasilat artıb və 2015-ci ilin sonlarında günə 97 milyon barrelə çatıb. Halbuki bu vaxt tələbdə əhəmiyyətli dəyişiklik yaranmamışdı. Bu, öz növbəsində neft qiymətinin kəskin və davamlı düşməsinə səbəb olub.

Əlbəttə, hasilatın artmasında Amerikanın şist nefti də öz rolunu oynamışdı. Lakin əsas səbəb Səudiyyə Ərəbistanın siyasi səbəblərlə daha çox neft hasil etməsi idi. Səudiyyə dünyanın ən böyük neft hasilatçılarından biri olduğuna görə onun hasilat göstəriciləri bazarı bu və ya digər şəkildə dəyişir.

Lakin bir ara ABŞ nefti hasilatının düşməsinə baxmayaraq, Səudiyyə hasilatı artırmaqda davam edirdi.

Professor Gökay yazır ki, Səudiyyənin bu hərəkətinin iki məqsədi olmalıdır. Bunlardan birincisi Amerika şist neftçilərini oyundan çıxamaq və qlobal neft hegemonluğunu Körfəz ölkələrinə qaytarmaqdır. Şist neftinin hasil edilməsi baha başa gəlir. Onun bir barreli 60 dollara başa gəlir, halbuki təbii neftin bir barrelinin qiyməti 7 dollardan yüksək deyil.

Səudiyyə Ərəbistanı düşünür ki, neft qiymətlərinin bir barrelinin qiyməti 60 dollardan aşağı salınarsa, ABŞ neftini hasil etmək kommersiya baxımından mənfəətli olmayacaq.

Səudiyyənin ikinci məqsədi onun Yaxın Şərqdə əsas rəqibi olan İranın iqtisadiyyatını çökdürməkdir. İran iqtisadiyyatı çökərsə, təbii ki, o, Suriya rejiminə və ya İraq, Yəmən və başqa yerlərdəki şiə silahlı birləşmələrinə milyonlarla dollarlıq dəstək verə bilməz.

Gökay yazır ki, neft bazarları həmişə Səudiyyə və İran arasında regional hegemonluq uğrunda davanın meydanı olub. 1977-ci ildə İran ölkədə bir neçə nüvə stansiyası tikmək və təsirini Yaxın Şərq boyunca yaymağı planlaşdırarkən Səudiyyə rejimi dərhal neft hasilatını gündə 8 milyon barreldən 12 milyon barrelə qaldırmışdı. Bununla da neft qiymətləri kəskin düşmüşdü.

O vaxt İran milyardlarla dollarını itirdi, şah isə özünün nüvə ambisiyalarından geri çəkilməli oldu. İstehsal çökdü, inflyasiya raket sürətilə yüksəldi, işsızlık kütləvi şəkil aldı və İran şahının monarxiyası çökdü. Onun yerini ayətüllah Xomeyninin İslam Respublikası tutdu.

Gökay hesab edir ki, 2014-cü ilin əvvəllərində Səudiyyə müəyyən tərəddüd və müzakirələrdən sonra qiymət müharibəsinə ABŞ-la tandemdə başlayıb.

Amerika bu siyasəti dəstəkləyirdi, çünki neftdən asılı Rusiyanın təsir gücünün azalmasında maraqlı idi.

Belə başa düşmək olar ki, bu məqamda Amerika hətta özünün şist sənayesini də bu siyasətə qurban verməyə hazır idi.

Professor bu qənaətdədir ki, bu məsələdə Amerika və Səudiyyə arasında planlaşdırma və razılaşdırma olub. Çünki zərbəsi Rusiya və İrana dəyəcək bu siyasət Amerikanı da Səudiyyə qədər qane edirdi.

Amma bu dəfə Səudiyyənin eyni strategiyası nə Rusiyanın, nə də İranın iqtisadiyyatını çökdürə bilmədi. Əksinə aşağı neft qiymətlərinin ən ağır zərbəsi Afrika və Cənubi Amerikadakı ixracatçılara dəydi. Burada Liviya, Anqola və Nigeriya kimi petrodövlətlər neft ixracatından tam asılı idilər.

Lakin bütün bunların ən dağıdıcı zərbəsi, dünyada neftdən ən fəlakətli şəkildə asılı olan Venesuelaya dəydi. Neft Venesuelanın bütün ixracatının 96 faizni, hökumət gəlirlərinin isə 40 fazini təşkil edir.

Gökay yazır ki, hələlik Səudiyyə-ABŞ neft qiymətləri strategiyasının Rusiya və İranın qüdrət və təsirini yox edib-etməyəcəyi də bəlli deyil.

Lakin bir şey bəllidir: Dünya neft bazarı son dərəcə təlatümlü və kiçik olaraq qalacaq və daha az güclü ölkələr bu geniş toqquşmanın burulğanına düşəcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR