ƏSA Teatrının foto-layihəsi İspaniyanın "Dodho” fotoqrafiya jurnalında dərc olunub
Mədəniyyət
8 Sentyabr 2017 20:26

ƏSA Teatrının foto-layihəsi İspaniyanın "Dodho” fotoqrafiya jurnalında dərc olunub


Bakı. 8 sentyabr. REPORT.AZ/ Öz dəsti-xətti ilə tanınan fotoqraf Eltac Zeynalovun ƏSA Teatrında həyata keçirdiyi foto-layihə beynəlxalq arenada kifayət qədər məşhur olan İspaniyanın “Dodho” fotoqrafiya jurnalında dərc olunub.
Teatrdan "Report"a verilən məlumata görə, əlilliyi olan insanların problemlərini qabartmaq, onların həyat mübarizəsini işıqlandırmaq məqsədi daşıyan foto-layihənin ilk qəhrəmanı ƏSA Teatrının aktyoru Elvin Mirzəyev olub.
“Dodho” jurnalında “Kristal adam” kimi təqdim edilən Elvin Mirzəyev “natamam osteogenez” xəstəliyindən əziyyət çəkir. Uşaqlıq dövründən bu yana müxtəlif çətinliklərlə qarşılaşmasına baxmayaraq, öz məqsədləri naminə mübarizə aparıb, stereotipləri pozmağa çalışıb. Onun aktyorluq sevgisi fiziki məhdudiyyətinə qalib gəlib. Hazırda Elvin ƏSA Teatrında baş tutan tamaşalarda uğurlu çıxış edir və özünü aktyor kimi daima inkişaf etdirməyə çalışır.
Foto-layihənin müəllifi Eltac Zeynalov hər gün rastlaşdığı çətinliklərə baxmayaraq, əlilliyi olan insanların cəmiyyətdən kənarda qalmayacağını, ictimai həyatda aktiv fəaliyyət göstərməyə, azad olmağa, həyatdan zövq almağa layiq olduqlarını bildirib.
Fotoqrafın sözlərinə görə, foto-layihə davamlı şəkildə həyata keçəcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR