Azərbaycanlı gənc rəssamların əsərləri Sofiyada sərgidə nümayiş olunub
Mədəniyyət
12 Sentyabr 2017 15:52

Azərbaycanlı gənc rəssamların əsərləri Sofiyada sərgidə nümayiş olunub


Bakı. Trend:

Bolqarıstan Xarici İşlər Nazirliyinin Mədəniyyət İnstitutu və “Little Zograff” Fondunun birgə təşkilatçılığı ilə Milli İncəsənət Akademiyasında 5-ci Dünya uşaq rəsm müsabiqəsinin sərgisi təşkil olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, sərgidə müsabiqədə qalib olmuş uşaqların əsərləri nümayiş olunub. Hər il keçirilən Dünya uşaq rəsm müsabiqəsi “Little Zograff” Fondunun layihəsidir və BR Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir.

2012-ci ildə Bolqarıstanda təsis olunmuş Fondun məqsədi təsviri və tətbiqi incəsənət vasitəsilə uşaqların mənəvi, peşəkar və intellektual inkişafına şərait yaratmaqdır. Fond uşaqların inkişafı ilə bağlı problemlərin həlli sahəsində dövlət qurumları və QHT-lərlə fəal əməkdaşlıq edir. Fond öz məqsədlərinin həyata keçirilməsi üçün maliyyə vəsaiti toplamaq məqsədilə xeyriyyə tədbirləri keçirir. Həmçinin Fond təsviri incəsənətlə bağlı kurslar, forumlar, konfranslar, uşaqlar üçün beynəlxalq səviyyədə müsabiqələr, uşaqların təsviri incəsənət sahəsində hazırlığı ilə əlaqədar məktəblər təşkil edir.

2017-ci ildə keçirilmiş Dünya uşaq rəsm müsabiqəsində Azərbaycan, Türkiyə, Bolqarıstan, Banqladeş, İran, Ukrayna, Tayland, Avstraliya, ABŞ, Moldova, Sinqapur, Litva, Hindistan, Filippin, Rumıniya, Yunanıstan, Yeni Zelandiya, Rusiya, Cənubi Koreya, İndoneziya, Polşa və digər ölkələrdən uşaqlar iştirak ediblər. Fatimə Matveyeva (15 yaş) və Fəridə Şirinova (11 yaş) ölkəmizi layiqincə təmsil edərək müvafiq olaraq gümüş medala və sertifikata layiq görülüblər.

Gənc rəssamlarımızın əsərləri sərgi iştirakçılarının böyük marağına səbəb olub və “Qaliblər kitabı”na daxil edilib.

Qeyd edək ki, gənc rəssamlarımız hər il Fondun təşkil etdiyi müsabiqədə fəal iştirak edir və yüksək nəticələr göstərirlər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08