Bakıda əmək sferasının gələcəyi müzakirə olunub
Ölkə
13 Sentyabr 2017 19:22

Bakıda əmək sferasının gələcəyi müzakirə olunub


Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 12-13-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə Avropa və Mərkəzi Asiya ölkələri üçün “Bizim istədiyimiz əmək sferasının gələcəyi” mövzusunda iki günlük regional konfransı keçirilib.

Trend-in məlumatına görə, BƏT-in rəhbər işçilərinin və nümayəndələrinin iştirak etdiyi konfransda AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev çıxış edib.

S.Möhbalıyev bildirib ki, son illər əmək sferasina nüfuz edən çox böyük dəyişikliklərin şahidi oluruq: “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, innovasiyaların istehsalata tətbiqi, avtomatlaşdırma və “yaşıl iqtisadiyyat”a keçid həm əmək münasibətlərinin təşkilinin formalarina, həm də muzdlu işçilərin mənafelərinin ənənəvi müdafiəçisi olan həmkarlar ittifaqının fəaliyyətinə ciddi təsir göstərməyə bilməz. Hamımız üçün əməyin gələcək sferasının qlobal çağırışlarından biri məşqulluq formalarının kökündən dəyişdirilməsi və bunun davamı kimi qeyri-tipik məşğulluq şəraitində işçilərin mənafeyinin müdafiəsidir. Azərbaycan üçün də bu məsələ daha çox aktuallıq kəsb edir”.

AHİK sədri deyib ki, biz sosial tərəfdaşların qəbul etdikləri qərarların tam şəkildə yerinə yetirilməsini çox mühüm faktorlardan biri hesab edirik: “Dövlətlərin, həmkarlar ittifaqlarının və işəgötürənlərin əməkdaşlığı pozitiv nəticələnməli, tərəflər öz vədlərini yerinə yetirməlidirlər. Sosial tərəfdaşlıq institutunun uğurlu işinin müsbət faktorlarından biri də istehsalın idarə olunmasında və uydurulmuş “kommersiya sirri” adı altında əmək kollektivindən gizli saxlanılan qərarların qəbulu prosesində müəssisə işçilərinin iştirakıdır. İstehsalın idarə olunmasında, həmkarlar ittifaqlarının iştirakı onun inkişafına dair mühüm məsələlərin müzakirəsinə işçilərin qoşulmasına imkan yaradır. Əmək sahəsinin gələcəyi formalaşarkən Əmək Məcəlləsinin hüquqi – normativ cəhətdən təkmilləşdirilməsi çox vacibdir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli konfransda çıxış edərək bildirib ki, dünyada baş verən iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatın liberallaşması, səmərəli vergi və fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması və digər tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir. Son 13 ildə ölkəmizdə 1 milyon 677 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə artıb, işsizlik səviyyəsi 5 faizdir.

Qeyd edilib ki, makroiqtisadi sabitlik və iqtisadi sahədə əldə olunmuş nailiyyətlər hökumətə imkan verir ki, əhalinin sosial rifahına yönələn məqsədləri reallaşdırsın. Səmərəli məşğulluğun təmin edilməsi, əmək bazarının tələbatlarına uyğun təhsil islahatlarının aparılması, əmək qanunvericiliyi və əməkhaqqı sisteminin təkmilləşdirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması və əmək münasibətlərinin tərəflərin hüquq bərabərliyi prinsipi əsasında qurulması milli siyasətin tərkib hissəsidir.

Tədbir digər iştirakçıların çıxışları və mövzu ətrafında müzakirələrlə davam edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47