"Ərizəmi yazım çıxım" - Sumqayıtda məktəb direktorunun təmirpulu yığılması iddiasına REAKSİYASI
Ölkə
13 Sentyabr 2017 19:34

"Ərizəmi yazım çıxım" - Sumqayıtda məktəb direktorunun təmirpulu yığılması iddiasına REAKSİYASI


Yeni tədris ili başlamazdan əvvəl  artıq bəzi problemlər baş qaldırmağa başlayıb

Milli.Az xəbər verir ki, Sumqayıtda valideynlər tərəfindən xeberle.com saytının elektron ünvanına və sosial şəbəkələrdəki səhifələrinə orta məktəblərdə yığılan təmir pulu ilə bağlı şikayətlər daxil olub. Xeberle.com valideynlərin iddialarına cavab tapmaq üçün şikayət edilən məktəblərlə əlaqə saxlayıb.

1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva bizə qarşı kobud rəftar nümayiş etdirdi:
"Mən heç bir pul yığmıram. Məndən başqa bütün məktəblər pul yığır bu bir, ikincisi isə sizə heç bir haqq vermirəm. Siz mənə qələt edib zəng etmisiniz. Fsyo!"
4 nömrəli tam orta məktəbin direktoru Səadət Məmmədova:
"Yayılan məlumatlar həqiqəti əks etdirmir. Rəhbərlik etdiyim məktəbdə bu kimi neqativ hallara yol verilə bilməz. Əgər həqiqətən belə hal varsa mənə müraciət edə bilərlər".
10 nömrəli tam orta məktəbin direktoru Tahir Nəsibov: 
"Ay qızım bu vaxt təmir olur, yazılıdır şikayət? Anonim şikayətə baxmırıq. Yazılıdırsa, gətirin siz də oturun, valideyn də otursun, mən də oturum. Xahiş edirəm, belə yalan məlumatları yaymayın. Bir də ki, yalan deyənlərin evləri yıxılsın".
11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənli ilə dəfələrlə əlaqə saxlasaq da, açıqlama almağımız mümkün olmadı. Deyilənə görə gah iclasda, gah da təhsil şöbəsində oldu.
19 nömrəli tam orta məktəbin direktoru Pərvanə Ramazanova ilə də dəfələrlə əlaqə saxlasaq belə, suallarımıza cavab tapa bilmədik. Gah "iclasdadır", gah "valideyn qəbulundadır", gah da ayrı bir cavabla qarşılaşdıq.
23 nömrəli tam orta məktəbin direktoru Fikrət Qasımov: 
"Kim şikayət edibsə adı, ünvanı sizdə var? Qətiyyən mən elə şey eləməmişəm. Yəni, o kimdirsə, araşdıraq, siz də gəlin. Mən belə narahat qalıram, çünki elə bir şey yoxdur. Mən bilsəydim ki, kim şikayət edib araşdırıb, məsələni üzə çıxardardım".
24 nömrəli tam orta məktəbin direktor əvəzi Sara Abbasova: 
"Elə bir şey yoxdur bizdə. Düzgün məlumat deyil".
26 nömrəli tam orta məktəbin direktoru Tərlanə Nağıyeva söylədi ki, deyilənlər şayiədir. Bu məktəbdə pul yığılmır. Yalnız ayrı-ayrı imkanlı şəxslər könüllü şəkildə bəzən məktəbimizə yardım edirlər.
33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərovadan da suallarımıza  cavab ala bilmədik. Dəfələrlə əlaqə saxlasaq da telefona cavab verən olmadı.
34 nömrəli tam orta məktəbin direktoru Nizami Məmmədov: 
"Kim deyirsə, gözünün içinə qədər yalan deyir, hələ uşaqlar məktəbə gəlməyib, necə pul yığıla bilər? Bizim məktəbdə elə bir şey yoxdur.  O kimdirsə, gəlsin bura desin, mən həmin dəqiqə ərizəmi yazım çıxım".
36 nömrəli tam orta məktəbin direktoru Ədalət Mahmudov:
"Onu səhv deyirlər, bəlkə başqa məktəbdir? Bizdə elə şey olmayıb axı. Hansı valideyndir, xanım? Bizdə təmir pulu söhbəti qəti yoxdur".
37 nömrəli tam orta məktəbin direktoru Elşad Eyvazov:
"Xeyr, tamamilə yalan məlumatdır. Konkret kimlərdir, adları varsa, araşdıraq, görək kimlərə təmir pulu veriblər, öyrənək. Bir ağsaqqal müəllim kimi, direktor kimi xahiş edirəm ki, gəlin bu məsələni araşdıraq. Bunu araşdırmaq sizin hüququnuzdur, biz də kömək etməliyik".
 
Bax belə, biz edilən şikayətlər əsasında qarşı tərəflərin - məktəb diektorlarının cavablarını verməyə çalışdıq. İddiaçılar cavablarla qane olmazlarsa, şikayətləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47