Elza Seyidcahan yazarları özündən çıxardı
Digər
14 Sentyabr 2017 14:52

Elza Seyidcahan yazarları özündən çıxardı


ARB TV-də keçirilən “Xalqın şairi” müsabiqəsinin söz-söhbəti hələ də davam edir.

Bu dəfə aparıcı Rövşanə Bektaşi media camiəsini başına yığaraq məsələyə aydınlıq gətirmək istətyib.. 

Qonaq qismində isə layihənin rəhbəri Mübariz Əsgərov, müğənni Elza Seyidcahan, şair Fərid Hüseyn, jurnalist Ceyhun Musaoğlu, kinorejissor Şeyx Əbdül Mahmudbəyov, şair Baba Vəziroğlu, jurnalist Jalə Mütəllimova, yazıçı-şair Sabir Rüstəmxanlı çıxış edib. 

E.Seyidcahana sual: “Niyə sizin şeirləriniz ən çox feysbukda müzakirə olunur?” 

Müğənni suala cavab olaraq bildirib ki, Feysbukda olanların hamısı avaradır. 

Metbuat.az olaraq Feysbukda aktiv olan, işgüzarlıqları ilə də tanınan istifadiçilərin münasibətini öyrənmək istədik. 

Şair-publisist Xanəmir Telmanoğlu: 

"Mən demişdim ki, Elza xanımın poetik nümunələri üzərində araşdırma aparıram. Traktat yazmaq fikrindəyəm. O gözəl şeir nümunələrini yazan Elza xanım düz deyir, "Avara" sözünün mənası ov-av arayan deməkdir. Lap qədim zamanlarda, hələ ttapança, tüfəng olmadığı zamanlarda qarnını doyurmaq, uşaqlarının mədəsini sevindirmək naminə çölləri, dağları, meşələri ələk-vələk edən insanlara ovçu deyirdilər. Səhərdən axşama gəzib-dolaşan, əlinə heç nə keçməyən, əli ətəyindən uzun, burnunu sallaya-sallaya mağarasına dönən adamlara ovçu-avçı, sonra da ov-av ara-yan adını qoyublar.

Deyəsən, ovcu babalar ruzi dalınca gedib avaralıq edib. Ovçuluqdan avaraçılığa kimi yol gələn o möhtəşəm nəslin şanlı nümayəndələri bu gün içi mən qarışıq, Feysbuk cəngəlliyindən (yaxşı, ortamından) istifadə edərək qaşığa bel, aşığa zabit, qaşa yay, kirpiyə ox, dodağa badam, qadına ay, kişiyə günəş deyən avara və avarələrik. Siz heç bilirsinizmi, Elza xanım əsəbləşib nə qədər fəlsəfi yüklü fikir atıb ortalığa. Hətta burdakı ovçuların çoxu oxunu atıb, yayını da gizlədirlər. Bəziləri gözündən vurur quşu. Bəzisinin gülləsi boşa gedir, səs salır, hədəfə gələnləri, başqa ovçuların bərəsindən keçənləri də qorxudub qaçırdır. Bəzisi isə çaşıb özünü vurur. İnciməsinlər, belələrinə "intihar etdi" demiyəcəyik. Çünki o qədər də cəsarətə sahib olmayan bu ovçumuz, yəni avaramız səriştəsizliyindən özü özünü vurur. Baxın, Elza xanımın yaradıcılığını bu asbekdən izaha çəksək, inanın DƏDƏM Qorquddakı Göyçək Fatma yalan olar. Elza xanım böyük dəyərdir. Onun yaradıcılığı hər zaman məni coşdurmuşdur". 

Jurnalist, Azvison.az saytının baş redaktoru Vüsal Məmmədov bildirdi ki, Elza Seyidcahanı ciddiyə alırıqsa, deməli doğrudan avarayıq: 

“Çox təəssüf, amma etiraf etmək lazımdır ki, düz deyir...” 

Şair-publisist Aqşin Yenisey bildirdi ki, bu gün başda ABŞ prezidenti olmaqla, dünyanın taleyinə məsul olan bütün ciddi şəxslər sosial şəbəkələrdədir: 

“Yalnız Azərbaycanda sosial şəbəkədən istifadə etməmək ağıllılıq və ciddilik əlaməti hesab olunur”. 

Şair Şəhriyar del Gərani Elza Seyidcahana haqq qazandırdı: 

“Düz deyir. Sosial şəbəkələr qeyri-ciddi yerlərdi”. 

Jurnalist, şair Tural İsmayılovun fikrincə, sosial şəbəkələr bu gün informasiya mübadiləsində önəmli rol oynayır: 

“Təkcə Feysbuk yox, Tvitter və İnstaqram sosial şəbəkələri üzərindən həm marketinq, həm təbliğat formalaşır. Böyük siyasi mərkəzlər, lobbilər, şirkətlər, reklam menecerləri əsas strategiyalarını sosial şəbəkələr üzərində qururlar. Düşünürəm ki, Elza xanım o ifadəni işlədəndə sosial şəbəkədən məqsədsiz istifadə edən bəzi qrupları və insanları nəzərdə tutub. Özəlliklə, yaradıcı adamlar, jurnalistlər üçün sosial şəbəkələr mühüm platformadır. Sosial şəbəkənin önəmini bu qədər kiçiltmək doğru deyil. Tək Elza xanım yox, bir çox ekspertlərin sosial şəbəkələrə bir bucaqdan baxması isə təəssüf doğurur”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR