Torpaqların qaytarılacağı VAXT, Moskvadan “5 rayon” TƏLƏBİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Digər
16 Sentyabr 2017 20:03

Torpaqların qaytarılacağı VAXT, Moskvadan “5 rayon” TƏLƏBİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ


Sentyabrın 14-də AÇG-nin 2050-ci ilədək işlənməsinə dair saziş imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev Lapşin Aleksandr Valeryeviçin əfv olunması barədə sərəncam imzalayıb. BMT Baş Assambleyasının sentyabrın 19-da Nyu-Yorkda başlanacaq sessiyası Ermənistanı narahat edir. Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin Dağlıq Qarabağla bağlı İrəvana mesaj göndərib. Ermənistanda Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təkliflər gündəmə gəlib. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb. KXDR növbəti ballistik raket sınağını keçirib. Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirəcəyi müstəqillik referendumu bölgədə qarşıdurmanı gücləndirə bilər. Ukraynaya qayıdan Mixail Saakaşvili etiraz aksiyalarına başlayır.

Azərbaycan, Dağlıq Qarabağ

Sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb. Sazişi BP, SOCAR, "Chevron", "Inpex, "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh Ltd." OVL şirkətlərinin rəhbərləri imzalayıblar.

Sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

AÇG-nin 2050-ci ilədək işlənməsinə dair saziş imzalandı - FOTOLAR (YENİLƏNDİ)

Moskvada isə sentyabrın 14-də “Prezident” hotelində Azərbaycan və Rusiya siyasətçilərinin iştirakı ilə “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasəti” adlı konfrans keçirilib. Konfransda “Bu gün Azərbaycanın yeni obrazı” və “Moskva-Bakı oxu: strateji əməkdaşlıq” adlı iki sessiya baş tutub. Konfransın əsas mövzusu Rusiya və Azərbaycanın strateji əməkdaşlığı, Avrasiya əməkdaşlığı və Qafqazın yeni geosiyasəti olub. Həmçinin, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

“Prezident” hotelində Kremlin adamları ilə Qarabağ MÜZAKİRƏSİ: 5 rayon qaytarılsın, yoxsa... - FOTOLAR

Kremlin ideoloqu kimi tanınan Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin konfransında çıxışında deyib ki, Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. A.Duqin əlavə edib ki, Qarabağ münaqişənin həllində irəli hərəkət etmək üçün Ermənistan işğal olunmuş 5 rayonu sözsüz Azərbaycana qaytarmalıdır.

Aleksandr Duqin “moscow-baku” portalına danışan Duqin həmişəki kimi Rusiyanın münaqişənin həllində maraqlı olduğunu diqqətə çatdırıb. Duqin iddia edir ki, bu gün kimsə münaqişənin həllini sabotaj etmək istəyir.

“Hesab edirəm ki, bu qlobal elitanın işidir. Məsələ ondadır ki, bu elita Avrasiya materikində təhlükəsizliyin güclənməsində maraqlı deyil”, - deyə o vurğulayıb.

Kremlin ideoloqu Qarabağın qaytarılmasına mane olan QARANLIQ GÜCLƏRİ AÇIQLADI - ONLAR KİMDİR?

Sentyabrın 14-də iki hadisə siyasi gündəmin əsas mövzusu idi: Bakıda “Əsrin müqaviləsi”nin yenilənməsi ilə bağlı mərasim keçirildi; Moskvada isə “Prezident” hotelində “Moskva-Bakı oxu” adlı konfrans baş tutdu.

Bu iki hadisənin mərkəzində Azərbaycan dayanır, lakin burada həm də Qərblə Rusiyanın gizli mübarizəsinin təzahürləri də görünür.

Azərbaycan uğrunda döyüş YENİ MƏRHƏLƏDƏ - Bakının əlini gücləndirən əhəmiyyətli İKİ GEDİŞ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 12-də Lapşin Aleksandr Valeryeviçin əfv olunması barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Aleksandr Lapşinin İsrailə ekstradisiya ediləcəyini bildirib. O, Lapşinin dünən cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atdığını deyib.

Əli Həsənov: "Lapşin İsrailə ekstradisiya ediləcək"

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyevin barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edlib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Mehman Əliyev azadlığa BURAXILDI (YENİLƏNDİ)

BMT Baş Assambleyasının sentyabrın 19-da Nyu-Yorkda başlanacaq sessiyası Ermənistanı narahat edir. Söhbət sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağla bağlı görüşündən gedir.

“Aykakan jamanak” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, İrəvanda Qarabağla bağlı qapalı müzakirələr aparılır. Hətta Serj Sarkisyan Xankəndinə gələrək, müzakirələri işğal olunmuş Azərbaycan torpaqlarında da davam etdirib.

7 gün sonra Ermənistana AĞIR ZƏRBƏ VURULACAQ - Qarabağla bağlı YENİ GEDİŞ

Ermənistan və Azərbaycan arasında münaqişə artıq təhlükəli dövrə qədəm qoydu. İndi Qarabağda mövcud vəziyyəti saxlamaq çətindir, bu baxımdan, status-kvo dəyişə bilər. Bu barədə Kanadanın “Geopolitical monitor” analitik mərkəzinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, münaqişənin Rusiyanın asılılığında qalması da çətinləşir.

“Lakin Moskvanın münaqişədə böyük geosiyasi çəkisi var və Rusiya hərbi balansı saxlamaq məqsədilə həm Bakıya, həm də İrəvana silah çatdırır. Həmçinin, Kreml Türkiyə və İranın təsirinin qarşısını almağa da çalışır və münaqişənin nizama salınmasında öz təsirini gücləndirmək xəttini davam etdirir”, - deyə mərkəz qeyd edir.

Hesabatda təmas xəttində hər gün 100-dən çox atəşkəs pozmalarının olduğuna diqqət çəkilir və qeyd olunur ki, belə vəziyyətdə istənilən sülh nizamlanması çətinləşir: “2016-cı ilin aprelində baş verən müharibə göstərdi ki, münaqişə statik deyil və geosiyasi şəraitin dəyişikliyinə meyillidir”.

Ermənistan

Bir sıra erməni mütəxəssisləri nüvə silahının texnologiyası haqqında bilgilərə sahibdirlər. Bunu parlamentdə çıxışı zamanı Elm Komitəsinin sədri Samvel Arutyunyan söyləyib. Onun sözlərinə görə, belə erməni alimləri həm Ermənistanda, həm də ondan kənarda var:

“Onlar vəzifələrini bilirlər və istənilən vaxt işə başlaya bilərlər. Lakin təəssüf ki, Ermənistanda bunun üçün texniki vasitələr yoxdur”.

Qeyd edək ki, bundan öncə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da ölkəsinin nüvə silahına malik olduğunu demişdi. O, bu silahın Ermənistana 70-ci illərdə gətirildiyini bildirmişdi.

Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı “Yelk” blokunun təklifi ölkəni qarışdırıb. Daşnaksütyun partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan bu təklifin əleyhinə çıxıb və qalmaqallı bəyanat verib.

“Əgər bizdə hərbi vasitələr olmasaydı, rəqiblə döyüşə bilməzdik. Ermənistan Avrasiya İqtisadi İttifaqına girməsəydi, silahlar ala bilməzdi”, - deyə o bildirib.

Ermənistan mediası isə Rustamyanın bu açıqlamasından sonra “aprel döyüşləri”ni xatırladıb.

Ermənilər Qarabağın qaytarılmasını tələb edəcək - Putinə ŞANTAJ

Türkiyə, İran, Yaxın Şərq

Rusiya və Türkiyə iki ölkənin münasibətləri tarixində ən böyük silah sazişini bağladı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 “Triumf” zenit raket sisteminin alınması haqqında müqavilənin imzalandığını açıqladı. Sənəd hava hücumuna qarşı müdafiə sistemi üçün Ankaranın apardığı uzunmüddətli axtarışların nəticəsi oldu.

Ankara və Moskvanın “TRİUMF”u: NATO-nun planı necə ÇÖKDÜRÜLDÜ?

ABŞ Konqresində demokratların aparıcı nümayəndələrindən olan Ben Kardin Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasına cavab olaraq Türkiyəni cəzalandırmağa çağırıb. Publika.az “Politiko” nəşrinə istinadən xəbər verir ki, konqresmen Ağ Evə Ankaraya qarşı sanksiyaları qəbul etməyi və Türkiyənin NATO-da sonrakı iştirakı haqqında fikirləşməyi təklif edib.

1952-ci ildən Qərbin müttəfiqi olan Türkiyə... – ABŞ ŞOKDA

Suriya ordusunun bölmələri sentyabrın 12-də Deyr-ez-Zor şəhərində İŞİD terror qruplaşmasının mövqelərinə hücuma başlayıb. Bir gün sonra isə şəhərinin əsas girişini qoruyan İŞİD bölməsinin müqaviməti qırılıb. Ordu hələ də qismən terror təşkilatının nəzarətində olan şəhərə cənub-qərb istiqamətindən daxil olub.

Ordu birlikləri əl Tim və əl Şula neft yataqlarını da terrorçuların əlindən alıb.

Sentyabrın 13-də Astanada Suriya konfliktinin həlli ilə bağlı danışıqların altıncı mərhələsi başlayıb. Altıncı mərhələ atəşkəsə zəmanətçi ölkələrin işçi qruplarının görüşü ilə start götürüb. Görüş bağlı qapılar arxasında keçirilir.

Uzun müddətdir müzakirə mövzusu olan Suriyanın İdlib şəhərinin taleyinə aydınlıq gətirilib. Xarici KİV-in yazdığına görə, Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Astanada İdlib razılaşması imzalayıblar.

Razılaşmaya əsasən, ABŞ-ın Əl-Qaidə adı ilə bombalamaq istədiyi İdlib şəhəri Rusiya, Türkiyə və İranın əsgərləri tərəfindən mühafizə olunacaq.

Eni 35 kilometr, uzunluğu 130 kilometr olan bölgə isə təhlükəsizlik zonası elan olunacaq. Burada 2 milyon suriyalı təhlükəsizlik şəraitdə yaşayacaq.

İdlibin mühafizəsi üçün 3 ölkədən ümumilikdə 25 min əsgər Suriyaya göndəriləcək.

Səudiyyə Ərəbistanı Suriya Prezidenti Bəşər Əsədlə bağlı mövqeyini dəyişib. Bu barədə informasiyanı “İzvestiya” qəzeti Rusiyadakı diplomatik mənbələrə istinadən yayıb. Mənbə artıq Ər-Riyadın bağlı qapılar arxasındakı danışıqlarda bu məsələni gündəmə gətirmədiyini söyləyib:

“Onlar anlayırlar ki, Bəşər Əsəd hesablaşılması gərəkən reallıqdır. Bu o demək deyil ki, onlar Suriya lideri ilə razıdırlar. Ər-Riyad ilk imkanda Əsədi devirə bilər, amma indiki qüvvələr nisbəti Səudiyyəni öz siyasətini dəyişməyə məcbur edir”.

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirəcəyi müstəqillik referendumu bölgədə qarşıdurmanı gücləndirəcək. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşrinə İraqın keçmiş millət vəkili Feyha Bayatlı deyib.

Onun sözlərinə görə, ABŞ tərəfindən başladılan “36-cı paralel və çəkic güc” layihəsinin tətbiqi kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin “kürd dövləti” planının başlanğıcıdır.

Sentyabrın 26-da hamı XAOSA OYANACAQ: 100 illik müqavilə DİRİLİR

İraq parlamentində İraq Kürd Muxtariyyətinin müstəqillik referendumunu qadağan edən qərar qəbul edilib. Məlumata görə, kürd millət vəkilləri qərardan sonra etiraz əlaməti olaraq iclası tərk ediblər.

Türkiyə Şimali İraq kürd muxtariyyətinə referendumla bağlı növbəti xəbərdarlıq edib. Ölkənin Xarici İşlər Nazirliyi referendumun ağır nəticələrinin olacağını bildirib.

“Bütün dostyana tövsiyələrimizə baxmayaraq, referendum mövzusunda israrlılığın davam etdirilməsinin mütləq ağır nəticələrinin olacağı diqqətə alınmalıdır”, - nazirliyin açıqlamasında deyilir.

Qeyd edək ki, kürd muxtariyyətində müstəqillik referendumu sentyabrın 25-nə təyin edilib.

Sentyabrın 14-də ABŞ, İngiltərə, Almaniya, Fransa və BMT nümayəndələri Şimali İraq kürd muxtariyyətinin müstəqillik referendumunun təxirə salınması üçün alternativ təkliflə çıxış edib. Təklif nümayəndə heyətinin muxtariyyətin başçısı Məsud Bərzani ilə görüşdə təqdim olunub.

Bərzani təklifin kürd siyasi partiyalarla müzakirələrdən sonra cavablandırılacağını bildirib.

Sentyabrın 15-də isə Bərzani təklifin rədd edildiyini bəyan edib. Kürd liderə təqdim olunan təklifin detalları barədə məlumat verilməyib.

Avropa Parlamenti Avropa Birliyinin sentyabrın 13-də Səudiyyə Ərəbistanına silah satışına embarqo qoymasını tələb edən qətnamə qəbul edib. Qətnamə Avropa Parlamentinin Strasburqdakı plenar sesiyasında qəbul olunub. Parlament Ər-Riyadı AB-dən aldığı silahları Suriyadakı terrorçulara verməkdə və Yəmən konfliktində istifadə etməkdə ittiham edib.

Qeyd edək ki, Avropa Parlamenti keçən ilin fevralında da Səudiyyə Ərəbistanına qarşı eyni cür qətnamə qəbul etmişdi.

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

Bu həftə tarixin ən böyük terror aktının 16-cı ildönümü idi. Təxminən 3 min insanın həyatına son qoyan terror aktı ilə bağlı rəsmi komissiyanın araşdırması 2002-ci ildən 2004-cü ilə qədər davam etdi. Komissiyanın hazırladığı hesabatın 28 səhifəsi indiyə qədər məxfiləşdirilib. Bu isə bir çox şübhələrin yaranmasına gətirib çıxarır.

Rəsmi versiya bundan ibarətdir ki, Nyu-Yorkdakı əkiz qüllələr və Pentaqonun binasına hücumu Üsamə Bin Ladenin lideri olduğu “Əl-Qaidə” terror təşkilatı tərəfindən həyata keçirilib. Amma bu versiyaya inanmayanlar da var.

Terror aktının 5 konsprioloji versiyasını təqdim edirik.

Yeraltı nüvə partlayışı, yoxsa...? - 11 sentyabrla bağlı 5 KONSPRİOLOJİ VERSİYA

ABŞ prezidenti Donald Tramp administrasiyası nüvə silahının yeni tipinin hazırlanması ilə bağlı fikrini dəyişdirir. Bu haqda mənbələrə istinadən “Politico” nəşri yazır.

Xəbərə görə, ABŞ daha kiçik ölçüləri və zərərin daha aşağı dərəcəsi ilə fərqlənən “mini-bombalar”ın yaradılması üzərində düşünür. Belə silah Amerika hərbçilərinə daha çox strateji imkan verəcək. Ənənəvi nüvə silahından istifadə çoxsaylı beynəlxalq konvensiyalarla qadağandır və bu silahın daha zəif nümunələrin tətbiqinə icazəni almaq daha realdır.

Nəşr qeyd edir ki, yeni silahlanma potensial düşmənlər, ilk növbədə Rusiya və Şimali Koreyaya qarşıdır.

ABŞ Rusiyaya hücum üçün mini nüvə bombaları hazırlayacaq

Bir azdan bizim Müqəddəs Rusiya adlanan vətənimiz ciddi müharibə ilə üz-üzə qalacaq. Bunu Minskdəki monastırlardan birində çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin ehtiyatda olan polkovnik-leytenantı Anton Manşin söyləyib.

“Bizim kişilərə bu informasiya çox gərəkli olacaq. Mən əminəm ki, onlar bu savaşda iştirak edəcəklər. Dünya terrorizmi mövcud deyil. KİV-lərin yaydığı bu mifə inanmayın. Terrorizmi amerikalılar və britaniyalılar uydurublar ki, Üçüncü Dünya müharibəsini başladıb, Rusiyanı məhv etsinlər”, – deyə o bildirib.

Qeyd edək ki, Manşin iki çeçen müharibəsində və Donbas savaşında iştirak edib.

Rusiyanın Arxangelsk vilayətinin “Plesetsk” kosmodromundan “RS-24 Yars” qitələrarası ballistik raketin işə salınması həyata keçirilib. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən qeyd edilir ki, ballistik raket bölünən baş hissə ilə təchiz edilib.

“İşə salınmanın əsas məqsədi analoji sinifdən olan raketlər partiyasının etibarlılığını təsdiq etməkdir. Eksperimental döyüş blokları Kamçatka yarımadasında “Kur” poliqonunda müəyyən edilmiş hədəflərə çatıb”, - xəbərdə deyilir.

Bu ayın əvvəlində ABŞ “SpaceX” şirkətinin istehsalı olan “Falcon Heavy” super ağırçəkili raketin birinci müvəffəqiyyətli sınaqlarını keçirib. Bildirilir ki, o dünyada ən güclü kosmik raket statusuna iddia edə bilər.

Rusiya məxfi silahı işə saldı: ABŞ-a CAVAB - VİDEO

Rusiya-ABŞ qaarşıdurmasının gücləndiyi bir vaxtda Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) birgə təmsil Moskva ilə Astananın bir-birinə qarşı hərbi həmləsi diqqəti Mərkəzi Asiya çöllərinə yönəltdi.

Moskvanın Qərblə boğuşduğu bir vaxtda eyni ittifaqlarda təmsil olunduğu Qazaxıstanın ordunu ayağa qaldırması “nə baş verir” sualını aktuallaşdırır.

Putin ordunu Nazarbayevin üzərinə göndərdi - Türk ölkəsinin SƏRHƏDİNDƏ QARŞIDURMA

Sentyabrın 14-də Belarus ərazisində Belarus və Rusiya qoşunlarının iştirakı ilə “Qərb-2017” birgə təlimləri başlayıb. Rəsmi məlumatlara görə, təlimlərə 10 min 200 hərbi qulluqçu cəlb ediləcək.

Onlardan 3 mini Rusiya hərbçiləridir. Təlimlərə hərbi texnikanın 680-ə qədər vahidinin cəlb edilməsi planlaşdırılır. Təlimlər yeddi poliqonda keçiriləcək.

Belarus Müdafiə Nazirliyindən bildiriblər ki, birgə hərbi manevrlər xüsusi müdafiə xarakterinə malikdir.

Amma 20-nə keçiriləcək Belarus-Rusiya “Qərb-2017” birgə hərbi təlimlərinin gedişatı Qərbdə narahatlıqla izlənilir. Belarusun TUT.BY portalının bir neçə gün əvvəl dərc etdiyi məqalə də Qərbin narahatlığının müəyyən qədər əsasının olduğunu göstərir.

Portal 1981-ci ildə sentyabrın 4-dən 12-dək müasir Belarus, Ukrayna və Baltikyanı ölkələrin ərazisində keçirilən “Qərb-1981” sovet ordusunun təlimlərinin xatırladıb.

Müdafiə, yoxsa Portuqaliya sərhədlərinə ÇIXIŞ? - Böyük müharibənin məşqi BAŞLADI

Avropa İttifaqı 2025-ci ilə Avropa müdafiə ittifaqını yaratmalıdır. Bu haqda Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib.

ABŞ-ın "Foreign Policy” jurnalı bir müddət əvvəl yazdığına görə, Almaniya kansleri Angela Merkel də güclü bir Avropa ordusu qurmaq üçün çalışır.

Rusiyaya qarşı vahid ordu qurulur – TARİX AÇIQLANDI

Avropa İttifaqı Rusiya və Ukraynanın hüquqi şəxslərə və vətəndaşlara qarşı fərdi sanksiyaların daha yarım il - 2018-ci il 15 mart tarixinə qədər uzadılması haqqında qərar qəbul edib. Sanksiyaların altına düşən şəxslərin maliyyə aktivlərinin dondurulması nəzərdə tutulur. Sənəddə deyilir ki, vəziyyətin qiymətləndirilməsi sanksiyalar rejimini dəyişdirməyə imkan vermir.

Siyahıda hazırda 149 fiziki və 38 hüquqi şəxsın adı var.

İspaniyanın mərkəzi hökuməti ilə Kataloniya muxtar qurumu arasında referendumla bağlı yaranan gərginlik isə hərbi müstəviyə keçir. Qərb KİV-inin yazdığına görə, İspaniya Müdafiə Nazirliyi Kataloniya sərhədinə hərbi qüvvə toplayır.

İspaniya hökumətindən yüksək vəzifəli bir səlahiyyətlisi daha əvvəl bildirib ki, referendumun keçirilməməsi üçün bütün vasitələrdən istifadə olunacaq.

Oktyabrın 1-də keçirilməsi planlaşdırılan referendum baş tutarsa və insanların əksəriyyəti müstəqilliyin lehinə səs verərsə yerli qanunvericiliyə əsasən Kataloniya 48 saat ərzində müstəqilliyini elan edəcək.

Ukrayna

Bazar günü, 10 sentyabrda, Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarlarının əhatəsində Ukrayna sərhədini keçdi.

GÜRCÜ TARANI: Saakaşvili Ukraynaya necə gəldi?

Bəzi ekspertlərin fikrincə, ABŞ prezidenti Petro Poroşenkonu yola salmağa hazırlaşır. Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Valentin Nalivayçenkonun bu yaxınlarda verdiyi açıqlama da bunu deməyə əsas verir.

Təhlükəsizlik Xidmətinin sabiq sədri “NewsOne” telekanalında açıqlamasında Kiyevdəki hazırkı hakimiyyət üçün başağrısı olacaq bəzi məqamları açıqlayıb.

Putinin köməkçisi ilə.. - Poroşenkoya qarşı öldürücü DƏLİLLƏR

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Ukrayna Prezidenti Pyotr Poroşenkoya Mixail Saakaşvili yerinə başqa məsələlərlə məşğul olmağı məsləhət görüb. Volkerin bu sözləri Mixail Saakaşvilinin Feysbuk səhifəsində yerləşdirilib.

“Əgər Ukrayna hüquqi dövlət qurursa, Mixail Saakaşviliyə öz vətəndaşlığını məhkəmədə müdafiə etməsi üçün imkan yaradılmalıdır. Poroşenko Saakaşviliyə daha az dramatik yanaşmalı və ölkənin inkişafı, korrupsiya ilə mübarizəyə diqqət etməlidir”, – deyə o bildirib.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna ərazisindən ekstradisiyası üçün əsas yoxdur. Bu haqda Ukrayna ədliyyə naziri Denis Çernışev “112 Ukrayna” telekanalın efirində deyib.

“Hazırda Saakaşvilinin Ukraynadan çıxarılması üçün əsas yoxdur. Çünki Gürcüstanda onun barəsində ittiham hökmü çıxarılmayıb. Saakaşvilinin sərhədi keçməsindən başqa, Ukraynada heç nə baş verməyib. Saakaşvili barəsində bizə gələn sənədlərdə (Gürcüstan tərəfinin təqdim etdiyi sənədlər –rd.) Gürcüstanda onunla bağlı cinayət işlərinə baxıldığı bildirilir”, nazir bildirib.

Daha əvvəl Gürcüstanın Bas Prokurorluğu Saakaşvilinin ekstradisiyası xahişi ilə Ukrayna tərəfinə rəsmən müraciət edib və hər iki halda imtina cavabı alıb.

Qeyd edək ki, Saakaşvili “Kiyevi xilas etmək üçün” sentyabrın 19-da Ukrayna paytaxtına gedəcəyini bildirib.

ABŞ hakimiyyəti Donbas hərbi münaqişə zonasından getməsi üçün Rusiya prezidenti Vladimir Putinə 180 gün vaxt verib. Bu haqda “İnformasiya müqaviməti” qrupunun koordinatoru Konstantin Maşoves “Seqodnya” (“Bu gün”) nəşrinə müsahibəsində deyib.

Ekspert qeyd edir ki, sonrakı təcavüzkar siyasətin həyata keçirilməsi Moskva üçün baha başa gələcək və Rusiyanın dağılmasının real təhlükəsi yaranacaq.

Putinə sərt ULTİMATUM: 180 gün vaxt VERİLDİ

Kiyev Donbasla bağlı mövqeyini sərtləşdirməlidir. Bunu jurnalistlərə açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.

“Ukrayna gərək Rusiyanın müharibə apardığını, onun ərazilərini işğal etdiyini bəyan etsin. Ukrayna müharibə yolu öz ərazilərini qaytara bilməz. Bu müharibə on minlərlə insanın ölümünə səbəb olacaq. Donbas Ukraynaya Rusiyada hakimiyyət dəyişikliyi olanda qayıdacaq”, – deyə o bildirib.

Rusiya hökuməti Krım və Kalininqradda layihələrin maliyyələşdirilməsinin xeyrinə işğal edilmiş Donbasa istənilən dəstəkdən imtina etmək niyyətindədir. Bu haqda mənbələrə istinadən “RBK” agentliyi yazıb.

Rusiyadan “respublikalar”a AĞIR ZƏRBƏ

Koreya böhranı

BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnaməni qəbul edib. Sənədə əsasən Şimali Koreyaya neft məhsulları tədarükünə məhdudiyyət qoyulacaq.

Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT-nin yeni sanksiyalarını pisləyib və onları qəti surətdə rədd edib. KXDR-in Cenevrədəki səfiri Xen Tey Sun BMT Təhlükəsizlik Şurasının qərarını qanunsuz adlandırıb.

KXDR-in nümayəndəsi ABŞ-ın ünvanına təhdidlərlə çıxış edib: “Koreya Xalq Demokratik Respublikasının qarşıdakı cavab addımları ABŞ-ı ağrıdan ən böyük əzab çəkməyə məcbur edəcək. Bu, onların tarixdə nə vaxtsa gördüyü ən böyük əzab olacaq”.

Şimali Koreya Yaponiyanı batırmaq və ABŞ-ı külə çevirmək üçün nüvə silahından istifadə edə bilər. Bu barədə bəyanatı Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb. Agentlik Yaponiyanın bundan sonra Şimali Koreyanın yanında mövcudluğuna ehtiyac olmadığını bildirib.

Sentyabrın 15-də Şimali Koreya növbəti ballistik raketini sınaqdan keçirib. KXDR-in buraxdığı raket Yaponiya üzərindən uçub keçərək, Hokkaydo adasındakı Erimo burnundan 2000 km aralıda okeana düşüb.

Bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqa bildirib.

Cənubi Koreya hərbçiləri Şimali Koreyanın yeni raketinin 770 km maksimal hündürlüyə çataraq 3700 km məsafəni qət etdiyini bildiriblər. Raket Pxenyanın Sunan aeroportu yaxınlığından buraxılıb.

Cənubi Koreya Respublikasının prezidenti Çje İn Mun Koreya Xalq Demokratik Respublikasını məhv etməklə hədələyib. Dövlət başçısı ölkənin Milli Təhlükəsizlik Şurasının iclasının gedişatında Pxenyanla dialoqun aparılmasını qeyri-mümkün adlandırıb.

“Əgər Şimali Koreya cənuba və ya bizim müttəfiqimizə (ABŞ –red) qarşı təxribatlara davam edərsə, biz onu məhv etmək üçün kifayət qədər gücə malikik”, - prezident qeyd edib.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR