Azərbaycanda ən çox hansı silah satılır? - REPORTAJ - FOTO
Ölkə
16 Sentyabr 2017 23:44

Azərbaycanda ən çox hansı silah satılır? - REPORTAJ - FOTO


Ov etmək üçün təkcə dağa getmək kifayət deyil. Yaxşı ovçu üçün həm də ov avadanlıqlarının olması şərtdir: etibarlı ov silahı, güllə darağı, bıçaq və başqa əşyalar. Artıq Azərbaycanda ov mövsümü açılıb və bir çox ovçular hazırlıqlara başlayıblar. Bəs bizim ovçular hansı tüfənglərə üstünlük verirlər? Hazırda ov silahlarına tələbat necədir? Ov silahlarının satış bazarını öyrənmək üçün Bakının 30 ildən artıq fəaliyyət göstərən ovçuluq mağazasına yollandıq.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, mağazanın satıcısı Cavid Məmmədov deyir ki, qış aylarına nisbətən yayda satış daha az olur. Artıq ov mövsümü başladığından alıcılar da yavaş-yavaş artır. Elə mağazada olduğumuz bir saat ərzində də onlarla müştərinin müraciət etdiyinin şahidi olduq. Gələnlər arasında əcnəbilər olsa da, satıcı onlara silah satılmadığını dedi. Onlar daha çox digər ovçuluq ləvazimatları, o cümlədən balıq tilovuna maraq göstərirlər. Mağazada müştəri çox olsa da, ov tüfənginin satışı isə digər ov ləvazimatları kimi sürətli deyil. Ay ərzində cəmi 1 ya 2 tüfəng satmaq mümkündür.

Azərbaycana silah satışına embarqo qiymətləri 3-4 dəfə artırıb

Satıcı deyir ki, Azərbaycanda yivli silahların satışına qadağa qoyulduğundan mağazada ancaq yivsiz tüfənglər satılır. Əvvəllər rus silahlarına üstünlük verən müştərilərin zövqü və marağı isə Türkiyə istehsalı olan tüfənglərə dəyişib: "Əvvəllər daha çox Rusiya istehsalı olan silahlar satılırdısa, indi çox yüksək keyfiyyətli Türkiyə silahları istehsal olunur deyə, bu ölkədən silah idxalı artıb. Əhali yavaş-yavaş Türkiyə istehsalı olan silahlara keçir", - deyə C.Məmmədov bildirir.

Mağazada ən bahalı silahlar isə İtaliya istehsalı olan tüfənglərdir. Bunlar Türkiyə istehsalı tüfənglərdən 3-4 dəfə bahadır. Səbəb isə Azərbaycana Avropa Birliyi tərəfindən müharibə şəraitinin olduğu əsas gətirilərək silah satışına embarqo qoyulmasıdır. Satıcı deyir ki, buna görə də, birbaşa Avropa ölkələrindən, o cümlədən, İtaliyadan silah ala bilmirik. Əvəzində isə həmin silahlar Türkiyə vasitəsilə alınır və bu da qiymətin artmasına səbəb olur.

Mağazada pnevmatik tüfənglər isə açıq satışdadır. Bunlar 4,5 kalibrə kimi heç bir sənəd tələb olunmadan satılır. O kalibrdən yuxarı isə satışı yoxdur. Bunlar tir tüfəngləri kimi tanınan silahlardır və daha çox idman növlərində istifadə olunur.

"Klassik silahlar var, onlar bir-ikilüləli silahlardır. Bundan başqa, avtomatik və yarımavtomatik silahlar var. Onlar 5 və daha çox mərmi qəbul edir. Hansı silahı seçmək ovçunun öz istəyindən asılıdır. Təbii ki, yarımavtomat və avtomat silahlar daha bahadır", - deyə həmsöhbətimiz bildirir.

600 manatdan 7 min manata qədər silahlar var

Mağazada ən ucuz tüfəngin qiyməti 600 manatdır. Elə ən çox tələbat da qiyməti 600-800 aralığında dəyişən Rusiya və Türkiyə istehsalı silahlaradır.

"Ən çox tələbat isə indi rus və türk silahlarınadır. Ən çox satılan Türkiyə istehsalı olan "Huğlu" markasından olan tüfənglərdir. Bunlar beşaçılan qoşa lülə silahlardır. Bundan başqa, Türkiyə istehsalı olan "Ata Arms", "Kral Arms", "Stocer", Rusiyanın "İjevsk", "MR", "Baykal" silahları ən çox satılan silahlar sırasındadır. Həm rus, həm də Türk silahlarının qiymətləri demək olar ki, eynidir".

Mağazada ən bahalı tüfənglər isə İtaliya silahlarıdır. Bunların qiyməti 6-7 min manat aralığındadır. İtaliya istehsalı olan "Benelli", Beretta", Belçika istehsalı olan "Brauninq" silahları da bahalı silahlar sırasındadır.

"Bəzi tanınmış silah brendləri var ki, onların keyfiyyəti çox yüksək olur. Brend tüfənglərin adətən materialı keyfiyyətli olur, eləsi var ki, qundağı bahalı ağacdan düzəldilir. Qundağında əl işləri olan tüfənglər var. Zavoddan çıxdıqdan sonra mütəxəssislər onun üzərinə qızıl və ya gümüş işləmələr edirlər. Bunların qiyməti adi standart silahdan fərqlənir", - deyə C.Məmmədov bildirir.

Müsahibim deyir ki, bəzən müştərilər özləri də fərqli dizaynda silahlar sifariş edirlər. Bu zaman mağaza zavodun emalatxanasına sifariş verir və orada müştərinin təklif və istəklərinə uyğun silah hazırlanır.

Yerli ovçuların ən böyük arzusu: yivli silahlar...

Satıcının sözlərinə görə, Azərbaycanda ovçuluğa həmişə maraq olub və indi də var. Amma əvvəlki dövrlə müqayisədə ovçuların imkanları məhduddur, ov ərazisi kiçikdir: "Ov üçün təsərrüfatlar azdır. Əvvəllər belə təsərrüfatlar var idi və orada vəhşi heyvanları ov üçün yetişdirirdilər. İndi bu baxımdan çətinliklər hiss olunur. Ov kvotaların sayı olduqca azdır. Azərbaycanda ən çox quş ovu həvəskarları çoxdur, müştərilərimizin əksəriyyəti çöl quşları, dovşan, cüllüt ovçularıdır. Amma qaban, Dağıstan tur ovçuları da var. Dağıstan tur ovu çətindir, 3000 km dəniz səviyyəsindən hündürdə olduğundan çox adam buna meyl göstərmir. Həm də yivsiz silahlarla bu ov olduqca çətin başa gəlir. Ovçular yivli tüfənglərin satışına icazə verilməsini çox istəyirlər. İnanmıram ki, belə silahların satışına icazə versələr, bu kriminogen vəziyyətin artamasına gətirib çıxaracaq. Çünki pis əmələ meylli insanlar heç vaxt rəsmi sənədlə aldığı silahdan istifadə etməzlər", - deyə satıcı bildirir.

Cavid Məmmədov deyir ki, mağazanın bütün rayonlardan olan müştəriləri var. Ən çox ovçuluğa meylli rayonlardan biri İmişlidir. Xüsusən rayonda göllərin sayı çox olduğundan burada quş ovu geniş yayılıb.

Döyüş bölgələrində isə ov qadağan olunduğundan həmin ərazilərdən demək olar ki, ovçularla rastlaşmırlar. Satıcı deyir ki, bizdə ov silahının öldürücü qüvvəsi 60-120 metr olsa da, ova ancaq yaşayış zolağından 1 km məsafə icazə verilir.

Müğənni Teymur Mustafayev, Aşıq Əhliman daimi müştərilərimzidir...

Mağazada heyvan və quşların ovlanması üçün güllə və qırmalar da satılır. 16, 12, 20, 28, 36 kalibrinə uyğun olaraq müxtəlif növ patronlar var. Ən çox satılan isə "Zuber", "Steller", "Rio" güllələridir ki, bunlar ov silahlarının demək olar ki, əksəriyyətinə gedir.

Qırmalar özləri də 0 nömrəsindən 12 nömrəyə qədər quşun böyüklüyünə uyğun olaraq dəyişir. Qaz, ördək ovuna bir az iri qırmalar - 3, 4, xırda quşlara - kəklik, bildirçinə isə xırda - 12, 10 nömrəli qırmalardan istifadə edirlər. Qiymətləri istehsalçı ölkədən asılı olaraq dəyişir. 50 qəpikdən başlayır 1 manata kimi dəyişən qiymətlərlə satılır.

Mağazanın daimi müştəriləri arasında tanınmış şəxslər də var. Çoxunun adını çəkmək istəməsə də, müsahibimiz məşhur müğənni Teymur Mustafayevin, Aşıq Əhlimanın, Cin ləqəbli müğənni Ceyhun Zeynalovun və digərlərinin daim bu mağazadan alış-veriş edən ovçular olduğunu bildirir.

Milli.Az
















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR