"Razborka"ları həll etdiyini deyən Xano Əmoyevin Bakıdakı əməlləri
Ölkə
17 Sentyabr 2017 18:43

"Razborka"ları həll etdiyini deyən Xano Əmoyevin Bakıdakı əməlləri


Pul söhbətlərini, "razborka"ları həll etdiyini deyən Xanonun məhkəməsi başlayıb.

Publika.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda, odlu silah saxlamaqda təqsirləndirilən 1976-cı il təvəllüdlü Əmoyev Xano Musa oğlunun cinayət işi üzrə məhkəmə prosesinə hakim Azər Orucov sədrlik edir.

Naxçıvan Muxtar Respublikasının, Şərur rayonu, Dərəkənd kəndində anadan olan Xano Əmoyev bir neçə cianyət əməli törətməkdə təqsirli bilinir.

"Elit" kafesində qadını başından bıçaqlayıb...

İstintaq zamanı müəyyən edilib ki, Xano Əmoyev 24 dekabr 2015-ci ildə gecə saat bir radələrində "DSK" yolunda yerləşən "Elit" kafesində dava salıb. O, uca səslə kafe işçilərini və müştəriləri söyüb. Ətrafdakıları hədələyən X.Əmoyev əlində olan bıçaqla kafedə işləyən Xəyalə Seyidovanın baş nahiyyəsindən zərbə endirib. Məlumata görə, onun mübahisəsi də elə kafedə işləyən Xəyalə ilə olub.

İstintaqın gəldiyi nəticə belə olub ki, X.Əmoyev xuliqanlıq niyyəti ilə X.Seyidovaya başın yumşaq toxumasının kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirib.

"Sürücü" kafesindəki 3 min manatlıq tələb...

X.Əmoyev digər cinayət əməlini isə "Sürücü" kafesində törədib. 11 iyun 2016-cı il tarixdə Biləcəri qəsəbəsində yerləşən kafeyə gələrək orada əvvəldən tanıdığı Rəşad İbrahimova zor tətbiq edəcəyini deyərək ondan 3 min manat tələb edib. X.Əmoyev 5 gün sonra yenidən Rəşada zəng edərək hədə-qorxu gələrək 3 min manatı çatırmasını tələb edib.

Rəşad İbrahimov dostu Mahir Rüstəmova zəng edərək ona kömək etməsini xahiş edib. Məsələni həll etmək üçün Mahir Rüstəmovla Xano Əmoyev arasında telefon danışığı olub və onlar görüş təyin ediblər. Amma Xano Əmoyev görüşə tək gəlməyib. Onun yanında Zaur və Raşad adlı şəxslər də olub. Tərəflərin görüşü elə ilk andan davaya çevrilib. Əlbəyaxa davadan sonra Mahir Rüstəmov bədən xəsarətləri alıb. İstintaq zamanı müəyyən edilib ki, Xano Əmoyev hadisə yerindən idarə etdiyi maşına oturub ayrılan zaman odlu silahdan havaya atəş açıb. 7,62 mm kalibrli yivli odlu silahdan bir neçə dəfə atəş açan Xano Əmoyev Bəylər Orucova məxsus "Mercedes" markalı avtomobilin şüşələrini sındırıb.

Öz qohumunun maşınını ələ keçirib...

Xano Əmoyev istintaqa məlum olan növbəti cinayət əməlini isə öz qohumuna qarşı edib. Belə ki, o, Binəqədi rayonunda qohumu Samir Hüseynova əlində olan deşici-kəsici alətlə hədə-qorxu gəlib. Bundan sonra S.Hüseynov hadisə yerindən qaçıb. Vəziyyətdən istifadə edən Xano Əmoyev qohumunun "Changan" markalı maşınını talama məqsədi olmadan qanunsuz olaraq qaçırıb. Maşını Abşeron rayonu, Qobu qəsəbəsində gizlədib. Daha sonra S.Hüseynova zəng edərək maşını yandıracağı ilə hədələyərək qarşılığında 2500 manat tələb edib. Lakin S.Hüseynov 500 manat verə biləcəyini deyib. X.Əmoyev qohumundan 500 manat aldıqdan sonra maşının yerini ona söyləyib.

İsintaqa ifadə verən X.Əmoyev bildirib ki, "Elit" kafesində olan zaman Xəyalə Seyidova yüksək səslə danışırmış. Ona xəbərdarlıq etdikdə isə iradına məhəl qoymayıb. X.Əmoyev əsəbləşərək X.Seyidovaya bir dəfə bıçaqla vurduğunu etiraf edib.

Əvvəl də həbs edilən Xano "razborka"lara gedirmiş...

X.Əmoyev ifadəsində deyib ki, 2001-ci ildə də məhkumluq həyatı yaşayıb. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddələri ilə təqsirli bilinərək 2 il azadlqıdan məhrum edilib. Cəzasını çəkəndən sonra işləmək üçün Türkiyəyə gedib.

Heç bir işlə məşğul olmadığını deyən Xano Əmoyev müxtəlif şəxslərin problemlərinin, mübahisələrinin həlli ilə məşğul olduğunu söyləyib.

Qeyd edək ki, X.Əmoyev Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 185.3.3-cü (həyat üçün təhlükəli olan zor tətbiq etmək), 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə təqsirli bilinir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR