Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"
İdman
23 Sentyabr 2017 2:58

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"


“Bəlkə asan görünə bilərdi. Amma bizim üçün ağır oyun oldu”.

Publika.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”ı 4:1 hesabı ilə yendikləri oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssisin qələbə şərhi belə olub:

“Müxtəlif səhvlərə yol verdik. İlk hissə psixoloji cəhətdən ağır oldu. Çətin olsa da, ikinci hissədə daha yaxşı çıxış etdik. Hiss olunurdu ki, futbolçular çətinlik çəkirlər. Bu da normaldır. Vaxt keçdikcə bir-birilərini daha yaxşı tanıyacaqlar”.

Miçel qırmızı vərəqə aldıqdan sonra sərt reaksiya göstərdiniz...

- Təbii ki, qırmızı vərəqə aldığı üçün. Hər oyundan əvvəl tapşırıram ki, səbirli oynasınlar, komandanı pis vəziyyətdə qoymasınlar. Miçel də bu tapşırığı yerinə yetirə bilmədi.

Hakimlik barədə nə deyə bilərsiniz?

- Düşünmürəm ki, qərəzli qərarlar olur. Hakimlikdən çətin peşə, bəlkə də, yoxdu. Çox dəqiq olmalıdır. Meydanda 22 nəfəri idarə etmək asan iş deyil. Onlarla bağlı heç vaxt fikir bildirməmişəm. Həmişə çalışıb onlara dəstək olmaq lazımdır.

Ramil Şeydayevin oynamamasının səbəbi nə idi?

- Səbəb yoxdur. Ramil komandaya son anda gəldi. Kollektivə uyğunlaşmaq da lazımdır. Bəzən oyunun gedişi düşünmədiyin əvəzləmələrə məcbur edir. Heyətdə yer alan futbolçuların hamısını oynada bilərik. Gələn matçda Ramilin də şansı ola bilər.

“Roma” ilə görüş barədə düşünməyə başlamısınız?

- Bəli. Rəqibin ilk oyununa baxmışıq. Sabahkı görüşlərini də izləməyə çalışacağam. Yaxşı oynayırlar. Rəqiblərə 3-4 qol vura-vura gedirlər.

Komanda böyük azarkeş ordusunun dəstəyi altında oynayacaq. Bu, xal qazanmağınıza kömək ola bilərmi?

- Azarkeşlərimizin çox olması bizim özümüzü daha güclü hiss etməyimizə səbəb olur. İstəmirəm azarkeşlərimiz üzülsün. Amma bəzi məğlubiyyətlərdən sonra azarkeşlərin dəstəyi bizə əlavə ruh verib. Onların varlığı ilə özümüzdə daha çox ruh yüksəkliyi hiss edəcəyik.

“Sumqayıt”la görüşdən sonra “Roma” ilə matça hazırlaşmaq çətin olmayacaq? Çünki eyni temp olmayacaq...

- Doğrudur. Çempionatımızın tempi get-gedə aşağı düşür. İstərdik ki, mübarizə artsın. Təəssüf ki, həm komandaların sayı azalır, həm də temp aşağı düşür. Bir oyunla yox, illədir səviyyə fərqinə yaxınlaşmaq istəyirik. Ancaq get-gedə uzaqlaşırıq. Çempionatın səviyyəsini qaldırmalıyıq ki, o pilləyə yaxınlaşaq. Yenə də belə oyunlara çılğın hazırlaşmalıyıq ki, belə tempdə mübarizə apara bilək. Çalışacağıq ki, fərq çox hiss olunmasın.

Pedro Enrikenin oyunundan razı qaldınız?

- Bu gün daha yaxşı idi. İlk hissədə meydanın rəqibə aid hissəsində təhlükəli olurdu. Oyundan-oyuna daha yaxşı olacaqlar.

Pedronun bütün oyunçulardan üstün olduğu hiss olunur. Düşünmürsünüz ki, PAOK-da heyətə düşə bilməməsi xarakterində problem olmasından xəbər verir?

- Hansısa futbolçudan üstün olması fikrini bildirmək istəməzdim. Mən heç vaxt belə bir fikirdə olmamışam ki, hansısa futbolçumuz digərlərindən güclüdür. Çalışırıq o, komandaya uyğunlaşsın və mentalitetimizlə tanış olsun. Pedro güclü futbolçudur.

Ndlovu hazırda yaxşı formadadır. Ramil Şeydayevin belə vəziyyətdə şans qazanmaq ehtimalı az deyil?

- Ramil üzərində çox çalışır. Onunla ayrıca məşqlərimiz də olub. Oyundan-oyuna dəyişikliklər gözləmək olar. Çünki buna bizim çox ehtiyacımız olacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08